Əsas məzmuna keç
YELKƏNxaricdə təhsil
mərkəzi

Böyük Britaniya: məzun vizası 2027-⁠ci ildən 18 ay olur

1 yanvar 2027-⁠dən verilən Graduate vizası bakalavr və magistr məzunları üçün iki il yox, 18 ay qüvvədə olacaq. 2026 payızında başlayanlara bu necə təsir edir, viza üçün hansı məbləğ lazımdır.

Viza4 dəqiqəlik oxuNigar Hüseynova

Lids Universitetinin saat qülləli Parkinson binası, gün batanda yuxarıdan görünüş

Böyük Britaniyada təhsildən sonra iş axtarmaq üçün verilən Graduate vizası qısalır. 1 yanvar 2027-⁠ci ildən verilən müraciətlərdə bakalavr və magistr məzunları iki il yox, 18 ay alacaq. Doktorantura məzunları üçün müddət əvvəlki kimi üç ildir.

Graduate vizasının müddəti müraciət tarixinə görə
  • 31 dekabr 2026-⁠dək

    Bakalavr və magistr
    2 il
    Doktorantura (PhD)
    3 il
  • 1 yanvar 2027-⁠dən

    Bakalavr və magistr
    18 ay
    Doktorantura (PhD)
    3 il

Kimə təsir edir

Həlledici olan təhsilə başlama tarixi yox, Graduate vizasına müraciət tarixidir. 2026 payızında başlayan hər kəs bu dəyişikliyin altına düşür: bir illik magistratura 2027-⁠ci ilin payızında, üç illik bakalavr 2029-⁠da bitir və hər ikisinin müraciəti 2027-⁠dən sonraya qalır.

  • Bu il magistraturanı bitirənlər: universitet təhsilin bitdiyini Daxili İşlər Nazirliyinə bildirəndən sonra müraciət etmək olar. Bu, 31 dekabr 2026-⁠dək olsa, iki il verilir.
  • Graduate vizasına müraciət Böyük Britaniyanın içindən, tələbə vizası hələ qüvvədə olanda edilir. Viza bitəndən sonra bu yol bağlanır.
  • Graduate vizası müddətində istənilən işdə işləmək, iş axtarmaq və ya öz işini qurmaq olar; bu vizanın müddəti uzadılmır. Graduate vizasında sponsor və ya minimum maaş tələbi yoxdur. Sonra Skilled Worker vizasına keçmək üçün isə işəgötürən sponsor olmalıdır.

Tələbə vizası neçəyə başa gəlir

Student visa, Böyük Britaniyadan kənardan müraciət
Viza rüsumu
558 £
≈1 270 ₼
Tibbi haqq (IHS)
ildə 776 £
≈1 770 ₼ ildə; bütün təhsil müddəti üçün birdən ödənilir.
Yaşayış pulu, Londondan kənarda
ayda 1 171 £
9 ay üçün 10 539 £ göstərilir.
Yaşayış pulu, Londonda
ayda 1 529 £
9 ay üçün 13 761 £ göstərilir.
Graduate vizası
937 £
≈2 140 ₼; üstəlik bu vizanın müddəti üçün IHS.

Yaşayış pulu ən çoxu 9 ay üçün hesablanır və müraciətdən əvvəl ən azı 28 gün ardıcıl hesabda qalmalıdır. Birinci ilin təhsil haqqının ödənilməmiş hissəsi də bu məbləğə əlavə olunur. Bank arayışının tarixi 31 gündən köhnə olmamalıdır.

İngilis dili

Bakalavr və magistratura üçün universitet dil səviyyəsini özü qiymətləndirə bilər, adi IELTS Academic qəbul olunur. Foundation ili kimi dərəcədən aşağı proqramlar üçün isə yalnız UKVI siyahısındakı imtahan keçir. Bakıda IELTS Academic 575 ₼, IELTS for UKVI 625 ₼-⁠dır, ikisi də British Council mərkəzində verilir.

2026 payız qəbulunda Böyük Britaniyaya 15 tələbəmiz getdi. Onlardan altısı magistraturaya bir illik proqramla gedib və Graduate vizasına 2027-⁠ci ilin payızında, artıq 18 aylıq qayda ilə müraciət edəcək.

Bu yazı sizin halınıza necə aiddir, ilk görüşdə baxaq

İlk görüş 45 dəqiqədir və pulsuzdur: ofisdə, Zoom-⁠da və ya WhatsApp video ilə. Ölkənin məsləhətçisi sənədlərinizə və büdcənizə görə tarixləri yazılı plana salır.