Avqustun ilk iki həftəsi bağça bağlı idi: həyətin arxa hissəsini yenidən qurduq. Köhnə qum yeri açıq idi və hər yağışdan sonra üç gün istifadə olunmurdu. İndi onun üstü örtülüdür, yanında isə hər qrupun öz tərəvəz ləki var.
- Qum meydançası
- 4 × 5 m, örtüklü
- qum ildə iki dəfə dəyişir, gecə üstü bağlanır
- Tərəvəz ləkləri
- 4 ədəd, 1,2 × 2,4 m
- uşaq boyunda, 40 sm hündürlükdə
- Su masası
- talvarın altında
- aprel–oktyabr aylarında
- Rezin örtük
- 180 m² yeniləndi
- sürüşkən və yelləncəyin altı
Ləklərdə nə əkiləcək
Hər qrup öz ləkinə özü baxır: əkir, sulayır, yığır. Bitkiləri uşaqların yaşına görə seçdik: balacalara tez çıxan, böyüklərə gözləmək lazım olan.
Gilas
- Payızda
- soğan
- Yazda
- turp: 3 həftəyə yetişir
Ərik
- Payızda
- sarımsaq
- Yazda
- noxud və lobya
Alma
- Payızda
- kahı
- Yazda
- pomidor və reyhan
Heyva
- Payızda
- ispanaq
- Yazda
- çiyələk və nanə
Yığılan məhsul mətbəxə gedir. Keçən yaz Alma qrupunun reyhanı bir ay salatda oldu, uşaqlar isə «bizim reyhan» deyə yeməyə başladılar.
Tut ağacı yerindədir
Həyətin ortasındakı ağ tut ağacı bu evdən yaşlıdır: qonşuların dediyinə görə, 1960-cı illərdə əkilib. Tikinti vaxtı köklərinə toxunmadıq, altındakı taxta oturacağı isə təzələdik. İyunda həmişəki kimi tut yığımı olacaq: ağacın altına mələfə sərib budaqları silkələyirik.



