Əsas məzmuna keçin
Dayaq

· 5 dəqiqəlik oxu

FİFD nədir və iki kredit təklifini necə müqayisə etmək olar

Daha aşağı faiz həmişə daha ucuz kredit demək deyil. Komissiyanı da sayan faktiki illik faiz dərəcəsi bunu bir rəqəmlə göstərir.

Kalkulyator, qəbzlər və ödəniş kitabçası masada

Faktiki illik faiz dərəcəsi (FİFD) kreditin bir ildə sizə nəyə başa gəldiyini göstərir. Ona nominal faizdən başqa birdəfəlik komissiya da daxildir və faizin ildə bir dəfə yox, hər ay ödənildiyi nəzərə alınır. Kredit reklamında hər hansı xərc göstərilirsə, FİFD də yazılmalıdır.

Nümunə: iki təklif

Tutaq ki, 15 sentyabrda 6 000 ₼ 24 aylığa lazımdır. Birinci təklif: illik 24%, komissiya 1,5% (90 ₼). İkinci təklif: illik 22%, amma komissiya 5% (300 ₼). Bərabər ödənişlərlə birinci kreditdə ayda 317,23 ₼, ikincidə 311,27 ₼ ödəyirsiniz: ikinci ucuz görünür.

Amma ikinci kreditdə əlinizə 5 700 ₼ çatır, birincidə 5 910 ₼. Hər şeyi saysaq, birincinin FİFD-⁠si 28,9%, ikincininki 31,2% olur. Yəni nominal faizi aşağı olan təklif əslində bahadır.

FİFD necə hesablanır

Mərkəzi Bankın kredit təşkilatları üçün qaydasında üsul verilib: elə illik dərəcə tapılır ki, bütün ödənişlər ödəniş gününə qədər keçən günlərə görə endirildikdə onların cəmi əlinizə çatan məbləğə bərabər olsun. Kalkulyatorumuz da FİFD-⁠ni məhz belə, hər ödənişin tarixi ilə hesablayır.

Müqayisə edərkən nəyə baxmalı

  • Eyni məbləğ və eyni müddət üçün FİFD-⁠ni müqayisə edin, aylıq ödənişi yox.
  • Sığorta, hesab açma, kart xidməti kimi məcburi xərcləri soruşun: məcburidirsə, FİFD-⁠yə daxil olmalıdır.
  • Vaxtından əvvəl ödəmənin pulsuz olub-olmadığını yoxlayın: bizdə pulsuzdur.
  • Gecikmə cəriməsinin bütün borca, yoxsa yalnız gecikən ödənişə hesablandığını soruşun.
Bütün yazılar
Zəng edinWhatsApp-da yazınKrediti ödəyinMüraciət