MRT və KT: fərq nədir və həkim hansını nə vaxt yazır
Dərc edilib · 4 dəq oxu · Şüa diaqnostikası

Hər iki müayinə bədənin içini kəsiklərlə göstərir, amma fərqli üsulla. KT rentgen şüalarından istifadə edir və bir neçə dəqiqəyə bitir. MRT maqnit sahəsi ilə işləyir, şüa yoxdur, amma 20–40 dəqiqə çəkir və aparat səs-küylüdür.
KT nə vaxt daha yaxşıdır
- Ağciyərlər: pnevmoniya, düyünlər, uzun sürən öskürəyin səbəbi.
- Baş travması və nəticənin dəqiqələr ərzində lazım olduğu hallar.
- Böyrək daşının və sümük sınığının dəqiq yeri.
- Burunətrafı ciblər və sinusit.
MRT nə vaxt daha yaxşıdır
- Beyin: baş ağrısının və başgicəllənmənin səbəbini axtaranda.
- Onurğa: disk yırtığı, sinir kökünün sıxılması.
- Diz və çiyin: bağlar, menisk, qığırdaq.
- Qaraciyər, öd yolları və kiçik çanaq orqanları.
Şüa haqqında
Döş qəfəsinin bir KT-si təxminən iki illik təbii fon şüasına bərabərdir. Lazım olanda müayinədən imtina etmək üçün bu səbəb deyil, amma KT-ni ehtiyac olmadan təkrarlamırıq. Hamiləlikdə KT-dən qaçırıq; MRT isə ilk üç aydan sonra mümkündür.
Hansı müayinənin lazım olduğunu həkim şikayətə görə seçir. Başqa klinikada çəkilmiş görüntüləriniz varsa, onları gətirin: bəzən yenidən çəkməyə ehtiyac qalmır.
Məqalə məlumat üçündür və həkim müayinəsini əvəz etmir.


